• Planlama
  • Toy xidmətləri
    • Veb dəvətnaməToy, nişan, xına üçün: video, RSVP və hədiyyə
    • Hazır dəvətnamələrSeçin, adınızı yazın, hazırdır
    • Rəqəmsal kartDizayn seçin, linklə göndərin
    • Uşaq ad günüBalacalar üçün sehrli dəvətnamə
    Bütün dəvətnamələr
  • Biznes üçün
▾
Daxil olun
  • 01Planlama
  • 02Toy xidmətləri
  • 03Dəvətnamələr
    • Veb dəvətnamə
    • Hazır dəvətnamələr
    • Rəqəmsal kart
    • Uşaq ad günü
  • 04Biznes üçün
Daxil olun

Hüquqi məlumat

İstifadə şərtləri

Son yenilənmə: 23 Oktyabr 2026

Bu şərtlər infini.events veb saytından və «Infini» mobil tətbiqindən (birlikdə «Xidmət») istifadəni tənzimləyir. Hesab yaratmaqla və ya Xidmətdən istifadə etməklə bu şərtləri və Məxfilik siyasətini qəbul edirsiniz. Razı deyilsinizsə, Xidmətdən istifadə etməyin.

Mündəricat

  1. Xidmət haqqında
  2. Hesablar
  3. Cütlük və vendor rolları
  4. Vendorların öhdəlikləri
  5. Platformadan kənar əlaqə qaydası
  6. Vendor abunəliyi
  7. Rəqəmsal dəvətnamə alışı
  8. Məzmun qaydaları
  9. Moderasiya
  10. Rəylər
  11. Cütlük ilə vendor arasındakı müqavilələr
  12. Xidmətin dəyişdirilməsi və əqli mülkiyyət
  13. Məsuliyyətin məhdudlaşdırılması
  14. Hesabın dayandırılması və bağlanması
  15. Tətbiq olunan hüquq və mübahisələr
  16. Şərtlərdə dəyişikliklər
  17. Əlaqə

1Xidmət haqqında

Infini toy planlaşdırma platformasıdır. Cütlüklər burada toy hazırlığını planlaşdırır, rəqəmsal dəvətnamə yaradır, qonaqları idarə edir, toy xidməti göstərənləri (vendorları) tapır və onlarla yazışır. Vendorlar isə xidmətlərini təqdim edir və müştərilərlə əlaqə saxlayır.

Xidməti Infini Events (Bakı, Azərbaycan) təqdim edir. Bu şərtlərdə «biz» və «Infini» onu bildirir.

Tətbiqi App Store və ya Google Play-dən yükləyirsinizsə, həmin mağazaların qaydaları da tətbiq olunur. Apple və Google bu şərtlərin tərəfi deyil və tətbiqə görə məsuliyyət daşımır.

2Hesablar

  • Hesab yaratmaq üçün ən azı 18 yaşınız olmalıdır.
  • Qeydiyyatda doğru məlumat verin və onu aktual saxlayın. Başqasının adından və ya saxta məlumatla hesab yaratmaq qadağandır.
  • Şifrənizi heç kimə verməyin; hesabınızda baş verənlərə görə siz cavabdehsiniz. Hesabınızdan icazəsiz istifadə olunduğunu düşünürsünüzsə, dərhal bizə yazın.

3Cütlük və vendor rolları

Tətbiqdə iki ayrı hesab növü var: cütlük və vendor. Hər hesab yalnız bir rola aiddir.

Cütlük hesabı toy planlaşdırmaq üçündür. Toya partnyorunuzu dəvət edə bilərsiniz; o zaman toyun məlumatlarını hər ikiniz görür və dəyişirsiniz.

Vendor hesabı toy xidməti göstərən şəxs və ya biznes üçündür. Vendor veb saytda qeydiyyatdan keçir; profili Infini tərəfindən yoxlanılıb təsdiqləndikdən sonra tətbiqdə göstərilir. Qeydiyyatı səbəb göstərmədən qəbul etməyə bilərik.

4Vendorların öhdəlikləri

Vendor olaraq siz:

  • profilinizdə, qiymətlərinizdə və qalereyanızda yalnız doğru və özünüzə aid məlumat yerləşdirirsiniz; başqasının işini öz işiniz kimi göstərmirsiniz;
  • yerləşdirdiyiniz şəkillərin və mətnlərin hüquqlarına maliksiniz;
  • fəaliyyətiniz üçün tələb olunan lisenziya, icazə və vergi öhdəliklərinə əməl edirsiniz;
  • müştərilərlə nəzakətlə, vaxtında və razılaşdığınız şərtlərlə işləyirsiniz;
  • müştəri ilə bütün danışıqları və ödənişləri Infini-də aparırsınız (növbəti bölməyə bax).

5Platformadan kənar əlaqə qaydası

Infini-də tanış olduğunuz müştərini platformadan kənara çıxarmaq qadağandır: yazışmada telefon nömrəsi, WhatsApp və ya başqa əlaqə vasitəsi paylaşmaq, müştərini sövdələşməni Infini-dən kənarda bağlamağa yönəltmək. Belə hallar mesajlarda avtomatik aşkarlanır və ya cütlüyün şikayəti əsasında administrator tərəfindən təsdiqlənir.

Hər pozuntuya görə növbəti tədbir tətbiq olunur:

  • 1-ci dəfə: xəbərdarlıq;
  • 2-ci dəfə: hesabın 1 aylıq bloklanması; bu müddətdə panel bağlanır və profil tətbiqdə gizlədilir;
  • 3-cü dəfə: hesabın daimi silinməsi; həmin e-poçt və telefon nömrəsi ilə yenidən qeydiyyat mümkün olmur.

Xəbərdarlıqların müddəti bitmir.

6Vendor abunəliyi

  • Qeydiyyatdan sonra vendor 3 aylıq pulsuz hədiyyə dövrünü bir dəfə aktivləşdirə bilər.
  • Hədiyyə dövründən sonra tətbiqdə görünməyə davam etmək üçün 1, 3 və ya 12 aylıq abunəlik ödənilir. Qiymət vendorun kateqoriyasından asılıdır və vendor panelində göstərilir.
  • Ödəniş sayt üzərindən deyil, Infini ilə razılaşdırılmış qaydada (məsələn, bank köçürməsi ilə) edilir. Administrator ödənişi təsdiqlədikdən sonra abunəlik uzadılır; yeni dövr cari dövrün bitdiyi gündən başlayır.
  • Abunəlik bitdikdən 3 gün sonra profil tətbiqdə gizlədilir. Panel açıq qalır və abunəlik yenilənən kimi profil yenidən görünür.
  • Qiymətləri dəyişə bilərik; dəyişiklik artıq ödənilmiş dövrə təsir etmir.
  • Qanunla başqa hal nəzərdə tutulmayıbsa, ödənilmiş abunəlik haqqı, o cümlədən hesab qaydaların pozulmasına görə bloklandıqda və ya silindikdə, geri qaytarılmır.

7Rəqəmsal dəvətnamə alışı

  • Veb saytda rəqəmsal dəvətnamələr və əlavə xidmətlər (məsələn, masa düzəni, qonaq albomu, WhatsApp göndərişi) ödənişlidir. Qiymət ödənişdən əvvəl göstərilir.
  • Ödəniş göstərilən rekvizitlərə köçürmə ilə edilir. Qəbzi yükləyirsiniz; qəbz avtomatik və ya administrator tərəfindən yoxlanıldıqdan sonra dəvətnamə aktivləşir.
  • Dəvətnamənin mətnini, şəkillərini və qonaq siyahısını özünüz idarə edirsiniz və daxil etdiyiniz məzmuna görə özünüz cavabdehsiniz.
  • Dəvətnamə aktivləşdikdən dərhal sonra təqdim olunan rəqəmsal xidmətdir. Qanunla başqa hal nəzərdə tutulmayıbsa, aktivləşmədən sonra ödəniş geri qaytarılmır. Xidmət texniki səbəbdən göstərilməyibsə, bizə yazın, məsələni həll edəcəyik.

8Məzmun qaydaları

Xidmətə yüklədiyiniz və yazdığınız hər şeyə (mesajlar, şəkillər, səsli mesajlar, rəylər, profillər, dəvətnamələr) görə siz cavabdehsiniz. Qadağandır:

  • qanunsuz, təhqiramiz, nifrət oyadan, hədələyici və ya ədəbsiz məzmun;
  • başqasının şəxsi məlumatlarını onun icazəsi olmadan yaymaq;
  • müəllif hüququ və ya əmtəə nişanı ilə qorunan başqasına məxsus material;
  • spam, reklam, fırıldaqçılıq və aldadıcı təkliflər;
  • özünü başqası kimi təqdim etmək;
  • Xidmətin işinə müdaxilə: sındırma cəhdi, avtomatlaşdırılmış məlumat toplama (scraping), zərərli kod.

Yüklədiyiniz məzmunun hüquqları sizdə qalır. Xidməti göstərmək üçün (saxlamaq, göstərmək, qarşı tərəfə çatdırmaq) bizə bu məzmundan pulsuz, qeyri-eksklüziv istifadə hüququ verirsiniz; vendor profilində buraya profilin tətbiqdə və saytda nümayişi də daxildir. Bu hüquq məzmun silindikdə bitir.

9Moderasiya

Qaydalara əməl olunmasını yoxlamaq üçün cütlük ilə vendor arasındakı yazışmalara, profillərə və yüklənən məzmuna baxa bilərik (ətraflı: Məxfilik siyasəti). Bəy ilə gəlinin öz aralarındakı yazışmanı oxumuruq.

Qaydaları pozan məzmunu xəbərdarlıq etmədən silə, yazışmanı dayandıra, hesabı müvəqqəti bloklaya və ya bağlaya bilərik. Qaydaları pozan istifadəçi barədə tətbiqdən şikayət göndərə bilərsiniz.

10Rəylər

Rəyi yalnız vendorla real təcrübəniz olduqda yazın. Rəy dürüst olmalı, təhqir və şəxsi məlumat ehtiva etməməlidir. Rəylər vendorun profilində bütün istifadəçilərə görünür.

Saxta rəy yazmaq, rəy müqabilində pul və ya hədiyyə təklif etmək və ya almaq, rəqibə qəsdən mənfi rəy yazmaq qadağandır. Bu qaydalara uyğun olmayan rəyləri silə bilərik.

11Cütlük ilə vendor arasındakı müqavilələr

Infini cütlükləri vendorlarla bir araya gətirən platformadır. Xidmət müqaviləsi birbaşa cütlük ilə vendor arasında bağlanır; Infini həmin müqavilənin tərəfi, vendorun nümayəndəsi və ya zamini deyil.

Xidmətin keyfiyyətinə, vaxtında göstərilməsinə, qiymətinə və qanuniliyinə vendor özü cavabdehdir. Beh, ödəniş, ləğv və geri qaytarma şərtlərini tərəflər öz aralarında razılaşdırır. Tətbiqdə qeyd olunan ödənişlər və qəbzlər tərəflərin rahatlığı üçündür; Infini bu vəsaitləri qəbul etmir və saxlamır.

Profildəki «Infini tərəfindən yoxlanılıb» nişanı vendorun qeydiyyat məlumatlarını yoxladığımızı bildirir və xidmətin keyfiyyətinə zəmanət deyil. Mübahisə yaranarsa, bizə yaza bilərsiniz; kömək etməyə çalışarıq, lakin mübahisəni həll etmək öhdəliyimiz yoxdur.

12Xidmətin dəyişdirilməsi və əqli mülkiyyət

Xidməti daim təkmilləşdiririk: funksiyaları əlavə edə, dəyişə və ya dayandıra bilərik. Ödənişli xidməti dayandırsaq, bu barədə əvvəlcədən xəbər veririk. Xidmətin fasiləsiz və xətasız işləyəcəyinə zəmanət vermirik; texniki işlər və nasazlıqlar zamanı müvəqqəti əlçatmaz ola bilər.

Infini adı, loqosu, dizaynı, dəvətnamə şablonları, mətnləri və proqram təminatı Infini-yə məxsusdur. Onlardan yalnız Xidmətdən istifadə məqsədilə istifadə edə bilərsiniz; köçürmək, satmaq və ya onların əsasında başqa məhsul yaratmaq qadağandır.

13Məsuliyyətin məhdudlaşdırılması

Xidmət «olduğu kimi» təqdim olunur. Qanunun icazə verdiyi həddə Infini dolayı zərərə, əldən çıxmış gəlirə, məlumat itkisinə, həmçinin vendorların və digər istifadəçilərin hərəkətlərinə görə məsuliyyət daşımır.

Hər halda Infini-nin sizin qarşınızda ümumi məsuliyyəti iddiadan əvvəlki 12 ay ərzində Infini-yə ödədiyiniz məbləğlə məhdudlaşır.

Bu məhdudiyyətlər qanunla istisna edilə bilməyən məsuliyyətə, məsələn qəsdən vurulmuş zərərə şamil edilmir.

14Hesabın dayandırılması və bağlanması

Hesabınızı istənilən vaxt silə bilərsiniz: tətbiqdə (Profil → Məxfilik və təhlükəsizlik → Hesabı sil) və ya infini.events/hesabi-sil səhifəsində. Nəyin silindiyi və nəyin saxlandığı Məxfilik siyasətində yazılıb.

Bu şərtləri pozduqda, qanunun tələbi ilə və ya digər istifadəçiləri qorumaq üçün hesabınızı xəbərdarlıqla və ya xəbərdarlıqsız dayandıra və ya bağlaya bilərik.

Mahiyyətinə görə hesab bağlandıqdan sonra da qüvvədə qalmalı olan bəndlər (məzmun hüquqları, məsuliyyət, mübahisələr) qüvvədə qalır.

15Tətbiq olunan hüquq və mübahisələr

Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Mübahisələri əvvəlcə danışıqlar yolu ilə həll etməyə çalışırıq; razılıq əldə olunmazsa, mübahisəyə Azərbaycan Respublikasının səlahiyyətli məhkəməsində baxılır.

Qanunla istehlakçı kimi sizə verilmiş hüquqlar bu şərtlərlə məhdudlaşdırılmır.

16Şərtlərdə dəyişikliklər

Bu şərtləri yeniləyə bilərik. Yeni versiya bu səhifədə «Son yenilənmə» tarixi ilə dərc olunur; əhəmiyyətli dəyişikliklər barədə əvvəlcədən xəbər veririk. Dəyişiklikdən sonra Xidmətdən istifadəyə davam etməyiniz yeni şərtləri qəbul etdiyiniz deməkdir.

Şərtlər bir neçə dildə dərc olunur; mətnlər arasında fərq yaranarsa, Azərbaycan dilindəki mətn əsas götürülür.

17Əlaqə

Bu şərtlər barədə suallar üçün:

  • E-poçt: info@infini.events
  • WhatsApp: +994 10 526 72 54
  • Infini Events, Bakı, Azərbaycan

Məxfilik siyasəti→

Büdcə, qonaqlar, toy xidmətləri, görüləcək işlər və dəvətnaməniz — hamısı bir yerdə.

Planlama

  • Planlama
  • Toy xidmətləri
  • Infini ilə tanış olun

Dəvətnamələr

  • Veb dəvətnamə
  • Hazır dəvətnamələr
  • Rəqəmsal kart
  • Uşaq ad günü
  • Dəvətnamə yaradın

Dəvətnamə əlavələri

  • Kim gələcək?
  • Masa düzəni
  • WhatsApp bildirişi
  • Hədiyyə zərfi
  • Qəbzlərin avtomatik yoxlanması
  • Toy büdcəsi
  • Qonaq albomu

Biznes üçün

  • Biznesinizi əlavə edin
  • Biznes paneli

Faydalı

  • Real toy büdcələri
  • Toy bloqu
  • Daxil olun
© 2026 · Bakı
Məxfilik siyasətiİstifadə şərtləri
Yuxarı qayıdın